Bu əhvalat çox məşhurdur və tez-tez misal olaraq çəkilir. Bu iddia sünni kitablarından gəlib və bəzi şiə kitabları da onlardan nəql ediblər. Ancaq elə sünni mənbələrinə görə də etimad olunası xəbər deyildir. O xəbər də bu cürdür:
"Hər kəsin ki, borcu var, mənimlə birlikdə vuruşmasın."
"Təbəqat", İbni Səd, 71, hədis 291
"Mucəmul-kəbir", Təbərani, cild 3, səh. 123
Şiə mənbəsi olan "İhqaqul-həqq" də yuxarıdakı mənbələrə istinad etmişdir.
Bu hədisin ravilərindən biri Musa ibni Umeyr əl-Ənsaridir ki, əhli-sünnət alimlərinə görə belə məchul şəxsdir, hətta Dari Qutni onu zəif bilmişdir. Şiələrin rical kitablarında isə haqqında məlumat yoxdur. Bu hədisi də ondan Əbul-Həccaf nəql etmişdir. Yəni bu hədisin ravilər zəncirində cəmisi iki ravi vardır. Maraqlısı da odur ki, Təbərani bu hədisi nəql etdikdən sonra başqa bir hədis də gətirib ki, İmam Hüseynin (ə) özünün belə borcu var imiş. Digər tərəfdən, hətta fərz etsək belə ki, bu hədis səhihdir, həmin mənbələrdə qeyd olunmayıb ki, hadisə Kərbəla yolunda baş verib. Bu Cəməl, Siffeyn və başqa səfərlər də ola bilərdi.
İndi isə şiə mənbələrində gəlmiş bir hədisə diqqət edək:
Müaviyə ibni Vəhəb deyir: "İmam Sadiq əleyhissalama dedim: Bizə nəql edirlər ki, ənsardan olan bir nəfər öldü və iki dinar borcu var idi. Rəsulullah (s.a.a) ona namaz qılmadı və buyurdu: Qardaşınız üçün namaz qılın. Ta o vaxta kimi ki, bir nəfər onun borcunu öz öhdəsinə götürdü. İmam Sadiq (ə) buyurdu: Bu hadisə doğrudur. Rəsulullah (s.a.a) ona görə belə etdi ki, insanlar əhdlərinə vəfa edib borclarını qaytarsınlar və borcu yüngül tutmasınlar. Ancaq Rəsulullah (s.a.a), Əli (ə), İmam Həsən (ə) və İmam Hüseyn (ə) borclu halda dünyadan köçmüşdülər (yəni varisləri onların borclarını öz öhdələrinə götürmüşdü)."
"Mən la yəhzuruhul fəqih", Şeyx Səduq, cild 3, səh. 182
"Kafi", Şeyx Kuleyni, cild 5, səh. 93
Əslində olan isə budur ki, bəziləri haqqunnası və borcu bəhanə edərək İmamı (ə) tərk etmişdilər. "Bizim borcumuz var!" - deyib İmam Hüseyn əleyhissalamı o çətin vəziyyətdə tək qoymuşdular. Əlbəttə, heç kim iddia etmir ki, haqqunnası qaytarmaq vacib məsələ deyil, ancaq həmin vaxt ən vacib və prioritet məsələ, Məsum İmamı (ə) qorumaq idi. Bir şəxsin özündən asılı olmadan düşdüyü şəraitə görə, qəfil gələn ölüm və başqa səbəblərdən borcunu ödəyə bilməməsi ona nöqsan sayıla bilməz. Quranda ən uzun ayə - Bəqərə surəsi, 282-ci ayə borc barədədir. Bununla belə, insanın üzrlü səbəbdən ödəyə bilmirsə, Allah buna görə əzab verməz. Xüsusən də İmam Hüseyn əleyhissalamın səhabələri kimi böyük şəxsiyyətlərə.
Digər bir dəlil də odur ki, İmam Hüseyn əleyhissalam düşmən ordusuna tərəf çağırışlar edirdi və onlardan bəziləri də hidayət olub İmamın (ə) yolunda vuruşurdular. İmam (ə) demirdi ki, borcu olan, boynunda haqqunnas olan gəlməsin. İmam Hüseyn əleyhissalam "Həl min nasirin yənsuruni" deyirdi, "Varmı mənə kömək edəcək kimsə?". Burada isə çağırış ümumi idi və bu nidanı eşidən hər kəsə vacib idi ki, boynunda borc olub-olmamasından asılı olmayaraq özünü köməyə çatdırsın. İmam Hüseyn əleyhissalam Hürrü belə qəbul etmişdi, sadəcə borcu olduğuna görə niyə insanları naümid edib uzaqlaşdırsın ki?
Həmçinin bir sıra hədislərdə Əhli-Beyt (ə) şiələri üçün haqqunnasda belə şəfaət olunacağı nəql olunmuşdur.
Sünnilərdə də borclu ölən mömin barədə belə bir hədis vardır:
Rəsulullah (s.a.a) buyurdu: Mən hər bir mömin üçün dünya və axirət işlərində insanların ən yaxınıyam. İstəsəniz bu ayəni oxuyun: "Peyğəmbər möminlərə onların özlərindən daha yaxındır..." Hər hansı bir mömin ölsə və özündən sonra mal buraxsa, qövmündən kimsə ona mirasçı olsun. Hər hansı mömin özündən sonra borc yaxud da (fəqir) ailə buraxsa, onlar mənim yanıma gəlsin, çünki mən onun mövlasıyam."
"Səhih", Buxari, Kitabut-Təfsir, Əhzab surəsi, 1-ci bab
Şiə kitablarında da bu barədə hədislər vardır:
İmam Rza (ə): "Bizim şiələrimizdən hər kəs ölsə ki, boynunda borcu var idi, onu ödəmək bizlikdir. Hər kəs də ki, özündən sonra mal qoysa, vərəsələrinə aiddir."
"Sifatuş-şiə", Şeyx Səduq, səh. 45, hədis 5
Eyni hədisi İmam Sadiq (ə) da buyurub:
"Kafi", Şeyx Kuleyni, cild 7, səh. 168
İmam Sadiq (ə): "Rəsulullah (s.a.a) buyurub: Hər kəs özündən sonra borc yaxud da (fəqir və başsız) ailə buraxsa, onlar mənim öhdəmədir." İmam Sadiq (ə) buyurdu: "İmam da belədir."
"Dəaimul-islam", Şeyx Noman Məğribi, səh. 391 hədis 1386
Nəticə olaraq, qeyd olunan iddia mötəbər mənbələrlə öz təsdiqini tapmayıb və bir çox səhih hədislərlə təzad təşkil edir.