Səhabələrin kəramətləri

Əhli-Beyt (ə) fəzilətlərindən danışarkən çoxları şiələri mübaliğədə, təəssübdə, hətta şirkdə ittiham edirlər. Onlar deyirlər ki, Əhli-Beyt (ə) adi insanlar olublar və onların barəsində nəql olunan kəramətlər uydurmadır. Halbuki onların kəramətləri barədə Mübahilə ayəsi kimi Quran ayələri, Əli (ə)-ın Xeybərdə göstərdiyi fövqəlbəşər qüvvə, qeybdən xəbər vermələri barədə hədislər və s. vardır və bütün bunlar əhli-sünnətin mötəbər bildiyi hədis kitablarında da gəlmişdir. 
Ancaq qəribədir ki, bu cür kəramətlər digər səhabələr haqqında nəql olunanda, buna rahatlıqla inanır, hətta açıq-aşkar nəsslərə qarşı olsa da, sünnəyə qarşı çıxmaq bahasına olsa da belə, kəramət və ilham kimi qəbul edirlər.
Əbu Hureyrə nəql edir: "Rəsulullah (s.a.v.v.) vəfat edincə, ondan sonra Əbu Bəkr xəlifə seçildi. Buna görə bədəvilərdən bir qismi irtidaat etdi (mürtəd oldular). (Əbu Bəkr onlarla vuruşmağa qərar verincə) Ömər, "Rəsulullah (s.a.v.v.): "İnsanlar La ilahə illəllah deyincəyə qədər onlarla vuruşmağa əmr olundum. Bunu dedilərsə, məndən mallarını və canlarını qorumuş olarlar. (İslamın) haqqı xaric, hesabları Allaha qalmışdır!" -dediyi halda, sən necə insanlarla savaşırsan?"-dedi. 
Əbu Bəkr: "Allaha and olsun ki, namazla zəkatın arasını ayıranlarla savaşacağam. Çünki zəkat, malın haqqıdır. Vallahi, Rəsulullah (s.a.v.v.)-a verməkdə olduqları bir oğlağı belə verməkdən vaz keçsələr, onu almaq üçün onlarla savaşacağam!"-dedi. Ömər sonradan demişdir ki: "Allaha and içirəm ki, anladım ki, Əbu Bəkrin bu fikri, Allahın savaş məsələsində ona ilhamından başqa bir şey deyildi. Yaxşıca başa düşdüm ki, bu qərar haqq imiş."(Səhih-Buxari, İtisam, 2, Zəkat, 1, İstitabə, 3;Səhih Muslim, İman, 32, (20); Sünən, Tirmizi, İman, 1(2610); Sünən, Əbu Davud, Zəkat, 1(1556); Sünən, Nəsai, Zəkat, 3(5,14); Muvəttə, Malik, Zəkat, 30 (1,269) və s.)
 
Qeyd: Diqqət etsəniz, faktiki olaraq o insanlar Rəsulullah (s.a.v.v) zamanında zəkatını verən müsəlmanlar idilər. Onların zəkat verməməyinin səbəbi, Rəsulullah (s.a.v.v) - in yerində əyləşmiş xəlifənin qanuniliyini qəbul etməmələri idi. Ömərin də dediyi kimi, Həzrəti Muhəmməd (s.a.v.v) artıq La ilahə illəllah demiş şəxsləri müsəlman bilir və onlarla savaşmırdı. Əbu Bəkrin etdiyi isə bidət və birbaşa Peyğəmbər (s.a.v.v) - in sünnəsinin əksi idi. Nə Qurani Kərimdə, nə də şərif Sünnədə əmr edilməyən və günahsız insanların ölümünə səbəb olan bu əmələ heç ictihad da demək mümkün deyil, çünki açıq-aşkar nəss müqabilində ictihad yolverilməzdir. Ancaq bununla bitmir. Əbu Bəkrin guya Allah tərəfindən gələn bu "ilhamından" ilhamlanaraq, "namaz qılmayan kafirdir ya yox" deyə mübahisələr edilir, müsəlmanları kafir elan etdikdən sonra isə gerisi asandır, onun canı, malı, namusu artıq halal olur, nəticədə bu gün minlərlə günahsız, la ilahə illəllah demiş müsəlman İŞİD kimi terror qrupları tərəfindən öldürülür, əsir götürülür. 
 
Əbu Bəkrin oğlu Əbdurrəhman belə nəql edir: Əshabus-Suffə fəqir insanlar idi. Peyğəmbər (s.a.v.v.) bir dəfə: "Yanında iki nəfərlik yeməyi olan onlardan üçüncüsünü, dörd nəfərlik yeməyi olan onlardan beşincisini yaxud da altıncısını alıb aparsın."- eyə buyurdu. Rəsulullah (s.a.v.v.) 10 nəfəri evinə apardı.  Əbu Bəkr üç nəfəri evinə apardı. Əbdürrəhman dedi: Biz ev əhli mən, anam, bizim ev ilə Əbu Bəkrin evində ortaq xidmət edən qulluqçudan ibarət idi. Əbu Bəkr, Peyğəmbər (s.a.v.v.) evində yemək yedi. İşa namazını qılana qədər orada qaldı. Sonra qonaqları  ilə birlikdə evinə qayıtdı və Rəsulullah (s.a.v.v.) yeməyini yeyincə və ya yuxusu gəlincəyə qədər yanında qaldı. Evə gəldiyində gecədən Allahın dilədiyi qədər keçmişdi. Arvadı ona dedi: "Səni qonaqlarının yanında qalmaqdan saxlayan nə idi?" O da: "Onlara yemək yedirtdin?"-dedi. -"Sən gəlmədikcə yemək yeməyəcəklərini söylədilər. Xidmətçilər onlar üçün yemək çıxartdılar, ancaq onlar xidmətçilərə qalib gəlib yeməyi qəbul etmədilər. (Əbdürrəhman dedi ki:) Mən sovuşub gizləndim. Əbu Bəkr: -Ey dəyərsiz adam! - dedi, bəddua etdi və söydü. Sonra qəzəbli halda: Heç içinizə sinməsin, yeyin!- deyə əmr etdi. Mən bu yeməkdən əbədi olaraq yeməyəcəm dedi. Əbdurrəhman dedi: Allaha and olsun ki, biz elə bir loxmaya əl uzatmadıq ki, altından yemək daha da artmamış olsun. Nəhayət doydular. Yemək də yeyilməmişdən öncəkindən daha da çox görünürdü. Əbu Bəkr yeməyə baxdı, gördü ki, olduğu kimi qalır, bəlkə də artıb. Arvadına: -"Ey Firas oğullarının bacısı, bu nədir?-dedi. -"Ey gözümün nuru, indi o əvvəlkindən üç dəfə daha artıqdır."-dedi. Bundan sonra Əbu Bəkr o yeməkdən yedi. Və içdiyi andı nəzərdə tutaraq: "O olan şey ancaq Şeytandan idi"-dedi. O yeməkdən bir loxma yedikdən sonra Peyğəmbər (s.a.v.v.)-ə göndərdi. Yemək Onun yanında sabaha qədər qaldı. Bizimlə bir qövmün arasında sülh əhdi var idi və müddəti bitmişdi. İçlərindən söz sahibi olan 12 nəfəri ayırdıq. Hər biri ilə bərabər neçə nəfər olduğunu Allah bilir. Rəsulullah (s.a.v.v.) onların və dostlarının yeməklərini bu çanaqdan yolladı. Hamısı o yeməkdən yedilər."
(Səhih, Buxari, Namazın vaxtları, bab 42 hədis 78, Mənaqib, bab 25, hədis 88)
 
"Sizdən öncəki ümmətlərdə muhəddəslər (ilham alanlar) vardı. Əgər ümmətimdə bunlardan biri varsa o da  Ömərdir." 
(Səhih, Buxari, Peyğəmbər (s.a.v.v.) səhabələrinin fəzilətləri, 6, Nəbilər, 3, 54; Səhih, Muslim, Səhabənin fəzilətləri, 23)
 
Həmçinin Ömərin Mədinədə olduğu halda farslarla Nəhavənd şəhərində döyüşən orduya öz səsini çatdırmasını da onun kəramətlərindən sayırlar: 
"Ömər ibni Xəttab cümə günü namaz üçün məscidə gedib minbərə çıxdı. Sonra belə qışqırdı: "Ey Səriyə ibn Zənim,dağa tərəf gedin!  Ey Səriyə ibn Zənim,dağa tərəf gedin! Qurdun qoyuna çobanlıq etməsini istəyən zülm etmişdir." Sonra Ömər, xütbəsinə davam etdi və tamamladı. Daha sonra Səriyənin məktubu Ömərə çatdı: "Həqiqətən Allah, cümə günü filan saatda bizə fəthi nəsib elədi. Səriyyə dedi ki: "Mənə bir səsin " Ey Səriyə ibn Zənim,dağa tərəf gedin!  Ey Səriyə ibn Zənim, dağa tərəf gedin! Qurdun qoyuna çobanlıq etməsini istəyən zülm etmişdir." -dediyini eşitdim. Buna görə dostlarımı da alıb dağa tərəf yüksək yerlərə apardım. Daha öncə vadinin içindəydik. Düşməni əhatə etmiş vəziyyətdəydik. Allah bizə fəthi nəsib etdi."Ömərə: -Bu sozü haradan tapıb dedin?- deyə sual verəndə, "Vallahi, dilimə gəldi, mən də dedim."-dedi."
(Əl İsabə, İbni Həcər Əsqəlani, c.3 səh.5, Əl Bidayə vən Nihayə, İbni Kəsir, c.7 səh.131, Tarixul-Uməm vəl Muluk, Təbəri, c.2 səh. 380, Dəlailun-Nubuvvə, Beyhəqi, c.6 səh.370, Tarixul-Xüləfa, Suyuti, səh.128)
 
Bir dəfə də Nil çayı quruyur, Misir xalqının adəti var imiş ki onun axması üçün bakirə qızı çaya atarmışlar. Əmr ibn As bunu qadağan edir və Ömərə bu barədə yazır. Ömər də bir məktub yazır və deyir bunu Nil çayına atın: "Allahın qulu və möminlərin əmiri Ömərdən Misir xalqının Nilinə. Əgər sən özbaşına axırdınsa indi də heç axma! Sənə ehtiyacımız yoxdur. Amma bir və Qəhhar Allahın əmriylə axırdınsa ki, səni axıdan da Odur, Allahdan diləyirik ki səni axdırsın." Məktubu çaya atdıqdan sonra 16 zira suyu artır və bir daha o problem yaşanmır." (Əl-Bidayə vən-Nihayə, İbni Kəsir, c.7 səh.167)
 
Osman ibn Əfvan Əməvinin də haqqında belə rəvayət olunur: Ənəs ibn Malik Osmanın yanına gələndə, bazara girmiş və yolda bir qadına baxmışdı. Osman onu görəndə belə deyir: Sizdən hər hansısa biri gözlərində zinanın əsəri olan halda yanıma girir. Ənəs: "Rəsululllah (s.a.v.v.)-dan sonra vəhy enməyə davam edir? -deyincə, Osman: "Xeyr, sadəcə bu bir burhana əsaslanır. Fərasət və doğruluqdur." (Təfsiri-Qurtubi, c. 10 səh. 71)