"Qurban" sözünün kökü "qürb" sözündəndir, mənası "yaxınlaşmaq" deməkdir. İslamdan öncə də qurbanlıq anlayışı var idi. Ancaq müşriklərin qurban anlayışı fərqli idi. Onlara görə "tanrıların" bu qurbana ehtiyacı var idi. Onlar qurbanlarını bəzən alova atıb yandırırdılar. Hətta bəzi qəbilələr diri insanları da qurban verirdilər. Ancaq tək Allaha inanan həqiqi inanc sahibləri qurbanı ancaq Allaha yaxınlaşmaq niyyəti ilə kəsir və bilirdilər ki, Allahın heç nəyə ehtiyacı yoxdur və insan öldürmək kimi cinayətdən uzaq idilər. Qurani Kərim də qurbanlığı ilahi nişanələrdən bilir:
Allah Kə’bəni – o möhtərəm və təhlükəsiz evi, haram ayı, nişanəsiz qurbanlığı və nişanəli qurbanları insanların dayaq və bərqərarlıq vasitəsi etdi.
Maidə surəsi, 97-ci ayə
Göründüyü kimi, qurbanlıq Kəbə və həcc kimi ilahi nişanələrlə yanaşı Qiyamətə qədər mövcud olmalıdır. Qurban kəsmək ilahi nişanələri ayaqda tutmaqdır. Həccdə olanlara qurban kəsmək vacibdir və həccin qəbul olma şərtlərindəndir, amma digər şəxslər üçün bu təkid olunmuş müstəhəbdir. Əgər kiminsə imkanı olmasa, sədəqə verə bilər. Ancaq qurban kəsmək üçün borc almaq belə olar:
Rəsulullah (s.a.a): "Borc al və qurban kəs, bu işdə borc olar."
"Mən la yəhzuruhul fəqih", Şeyx Səduq, cild 2, səh. 213
Həmçinin Quranda deyilir:
"Biz kök dəvələri (də həcc mərasimində) sizin üçün Allahın (dininin) əlamətlərindən etmişik. Onlarda sizin üçün xeyir vardır. Buna görə də ayaq üstə dayandıqları halda başları üzərində Allahın adını çəkin. Elə ki, yanları yerə dəydi, onlardan yeyin və qane yoxsullara və uman kasıblara da yedirin. Onları beləcə sizə ram etmişik ki, bəlkə şükr etdiniz.
Allaha əsla onların əti və qanları çatmaz, əksinə Ona sizin tərəfinizdən (qəlb və batində olan) təqva çatar. Allah onları beləcə sizə ram etdi ki, sizi doğru yola yönəltməsinin müqabilində Allaha təkbir deyəsiniz və Onu uca tutasınız. Və (ey Peyğəmbər, sən) yaxşı işlər görənlərə müjdə ver."
Həcc surəsi, 36-37-ci ayələr.
Elə qurbanın da əsas qəbul olma şərti xalis niyyət və təqvadır. Ancaq bundan başqa, qurbanın maddi və sosial faydaları da vardır. Qurban ilə ehtiyaclı şəxslərə yardım olunur, sosial əlaqələr güclənir:
Rəsulullah (s.a.a): "Allah qurbanlığı ona görə qərar verdi ki, yoxsullar ətlə doysunlar, elə isə onlara qurban ətindən verin."
"Səvabul-əmal", Şeyx Səduq, səh. 59
İbni Əbi Cəmilə deyir: İmam Sadiq əleyhissalamdan qurbanlıq əti barədə soruşdum. Buyurdu: Əli ibni Hüseyn (ə) və Muhəmməd ibni Əli (ə) onun üçdə birini qonşulara, üçdə birini fəqirlərə, üçdə birini isə ev əhlinə verərdilər.
"İləluş-şəraye", Şeyx Səduq, cild 2, səh. 438
Ancaq qurban sahibi istəsə hamısını da ehtiyacı olan şəxslərə verə bilər.
Qurban həm də Allahın verdiyi nemətlərə görə şükr etməkdir. Necə ki, sünni və şiə təfsirlərinə görə Kövsər surəsi Həzrəti Fatimə (sa) barədə nazil olub və bu nemətə görə Allah Peyğəmbərinə (s.a.a) əmr edir:
"Həqiqətən, biz sənə Kövsəri əta elədik. Elə isə namaz qıl və qurban kəs!"
Kövsər surəsi, 1-2-ci ayələr
Xalis niyyətlə kəsilən qurban günahların bağışlanmasına səbəb olar.
Rəsulullah (s.a.a): "Qurbanın qanının ilk damcısı düşən kimi qurban sahibinin günahları bağışlanar."
"Mən la yəhzuruhul fəqih", Şeyx Səduq, cild 2, səh. 214
Rəsulullah (s.a.a): "Öz qurbanlarınızı dəyərli bilin, çünki onlar sizin Siratdan keçmə vasitənizdir."
"Mən la yəhzuruhul fəqih", Şeyx Səduq, cild 2, səh. 213
Ümumiyyətlə isə qurban, insanın sevdiyi şeylərdən Allaha görə keçməsidir və Allah da bu barədə buyurur:
"Sevdiyiniz şeylərdən (Allah yolunda) sərf etməyincə savaba çatmazsınız. Şübhəsiz ki, Allah (Onun yolunda) xərclədiyiniz hər şeyi biləndir”
Ali-İmran surəsi, 192-ci ayə.
Qurban təkcə insanın malından keçməsi deyil. İnsan məşq edir ki, Allaha görə ən sevdiyi şeylərdən belə keçməyə hazır olsun. Qurban nəfsimizin timsalıdır, biz Allaha görə öz nəfsimizdən keçməyi bacarmalıyıq. Necə ki, İbrahim (ə) bu imtahandan üzüağ çıxdı. Biz Allah yolunda hər şeydən keçməyə hazır olmalıyıq. Dildə demək asandır, qurban isə bunun üçün əməli məşqdir.
Qurban kəsməyin bunlardan başqa da bir çox təsir və bərəkətləri vardır. Hər bir halda, təkcə Qurban bayramında deyil, digər vaxtlarda da qurban kəsməklə bu faydalardan bəhrələnmək olar.