Hicrətin 9-cu ili, Zilhiccə ayının 1-i Əbu Bəkrin Bəraət surəsini təbliğdən azad olunduğu gündür.
Tövbə (Bəraət) surəsi nazil olanda, Rəsulullah (s.a.a) Əbu Bəkr ibni Əbu Quhafəni yanına çağırıb dedi ki, birinci ayədən doqquzuncu ayəyə kimi Məkkədəki müşriklərə, hacılara və zəvvarlara oxusun. Əbu Bəkr elə bir az hərəkət etmişdi ki, Cəbrail (ə) nazil oldu və Rəsulullaha (s.a.a) dedi: "Allah sənə salam göndərir və deyir: Bu işi sən və ya səndən olan biri olmasa görə bilməz!"
Rəsulullah Əli ibni Əbu Talibi (ə) yanına çağırdı və dedi: "Özünü Əbu Bəkrə çatdır və Bəraət surəsini ondan al...". Öz dəvəsini də ona verdi və Əli (ə) gedib surəni Əbu Bəkrdən aldı. Əbu Bəkr narahat halda Mədinəyə qayıtdı və soruşdu: "Nə isə baş veribmi?" , Rəsulullah (s.a.a) onu görüb dedi: "Sənin üçün xeyrdən başqa bir şey baş vermədi, lakin Səni bu işdən mən azad etmədim, Allah etdi!"
Bu hədis oxşar ibarələrlə aşağıdakı mənbələrdə gəlmişdir:
"Musnəd", Əhməd ibni Hənbəl, cild 1, səh. 168 (səhih)
"Məcməuz-Zəvaid", İbni Həcər Heysəmi, cild 3 səh. 402 (səhih)
"Sünən", Tirmizi, cild 3, səh. 245 (Nasiruddin Albani həsən hökmü verib bu sənədə)
Ancaq maraqlı bir məqam da var: Hakim Nişapuri Sunənul-Kubradakı hədisi gətirir, amma Əbu Bəkrin başına gələn bu vəziyyəti ört-basdır etmək üçün onun adını çəkmir, "filankəs" deyir, halbuki "Sunənul-Kubra"-da Əbu Bəkrin adı çəkilib.
"Rəsulullah (s.a.a) Əbu Bəkri Bəraət surəsi ilə göndərdi, sonra Əlini (ə) arxasında göndərdi və ondan aldı, sonra Rəsulullah (s.a.a) dedi: Bu işə ancaq o kəs gedə bilər ki, o Məndəndir, Mən də ondanam."
"Sunənul-Kubra", Nəsai, cild 7, səh. 417
"Rəsulullah (s.a.a) filanı Bəraət surəsi ilə göndərdi, sonra Əlini (ə) arxasında göndərdi və ondan aldı, sonra Rəsulullah (s.a.a) dedi: Bu işə ancaq o kəs gedə bilər ki, o məndəndir, mən də ondanam."
"Mustədrək aləs-səhiheyn", Hakim Nişapuri, cild 3, səh. 143
Dəyərli oxucu əvvəlcə deyə bilər ki, burada nə var ki, Allah əmr edib və Əbu Bəkr də bu vəzifədən azad edilib. Ancaq burada iki məqam var: 1. Hər yerdə Əbu Bəkrin Əlidən (ə) üstün olduğunu iddia edən şəxslər, əgər Əbu Bəkr (ə) bir surəni belə təbliğ etməyə layiq deyilsə və Allah onu Peyğəmbərin (s.a.a) özündən bilmirsə, o necə ən fəzilətli olur? 2. Əgər bu çox normal bir hadisədirsə, Hakim Nişapuri niyə hədisi təhrif edir və Əbu Bəkrin adını gizlədir? Burada utanmalı nə var?
Baxmayaraq ki, bu onların kitablarında olan ilk təhrif faktı deyil, yenə də əziz oxucuları bu barədə düşünməyə dəvət edirik. Haqqı bilə-bilə gizlədənlərin hökmü nədir? Dini belə şəxslərdən götürmək olarmı?