İmam Rzanın (ə) ziyarəti sünni kitablarında

İbni Hibban, hicri dördüncü əsrdə yaşamış məşhur sünni alimidir. İmam Rza əleyhissalama etdiyi təvəssül barədə yazır: 

"... Mən dəfələrlə onu ziyarət etmişəm və 

Tusda olduğum vaxtlarda, mənə üz verən hər bir çətinlik və müşkül zamanı, Əli ibni Musa ər-Rzanın (ə) qəbrini ziyarət edirdim və dua edirdim ki, Allah o çətinlikləri aradan qaldırsın. Duam qəbul olurdu və bu o şeydir ki, dəfələrlə təcrübə etmişəm."

"Əs-Siqat", İbni Hibban, cild 8, səh. 457

Hakim Nişapuri yazır: "Allah bu torpağın vasitəsilə ən yaxşı kəraməti nişan vermişdir. Məsələn, mənim oynaqlarımda quruluq xəstəliyi var idi ki, çox az və çətinliklə hərəkət edə bilirdim. Çölə çıxdım və (o türbəti) ziyarət elədim, sonra Kərbasi çəkmələrim ilə Nuqana qayıtdım. Sübh Nuqana çatdım, bir halda ki, heç bir ağrı qalmamışdı və mən Nişapura qayıtdım."

"Fəraidus-simteyn", Cuveyni əş-Şafei, cild 2, səh. 220

Yenə Hakim Nişapuri "Tarixi Nişapur" kitabında yazıb:

"Əbunnəzr müəzzin adlı bir şəxsin dili tutulmuşdu. Bir gün zehninə gəlir ki, Əli ibni Musa Rza əleyhissalamın ziyarətinə getsin və orada dua və təvəssül etsin ki, şəfa tapa. Deyir ki, mübarək qəbrin baş tərəfində iki rükət namaz qıldım və iztirar halında idim və yuxum apardı. Yuxuda nurani bir şəxs gördüm ki, dedi: "Denən "la ilahə illəllah". Dedim Ağa, mən danışa bilmirəm. Dedi: "Allahın qüdrətini inkar edirsən?" Mən "La ilahə illəllah" dedim və o vaxtdan danışa bilirəm!"

"Fəraidus-simteyn", Cuveyni əş-Şafei, cild 2, səh. 217

İbni Həcər Əsqəlani İmam Rza əleyhissalamın ziyarəti barəsində yazır:

"Hakim Nişapuri dedi: Muhəmməd ibni Muəmməldən eşitdim ki, dedi: İbni Xuzeymə və Əbu Yəla kimi hədis öncülü şəxslər ilə birlikdə Tusda Əli ibni Musa Rza əleyhissalamın ziyarətinə getmişdik. İbni Xuzeymə o məkanda elə təzim etdi ki, hamımız heyrətə düşdük."

"Təhzib ət-təhzib", İbni Həcər Əsqəlani, cild 7, səh. 338

İmam Rza əleyhissalamın sağlığında da əhli-sünnət hətta Onun miniyindən belə təbərrük edirdilər:

"İmam Rza əleyhissalam Nişapura daxil olanda, Onun miniyi dayandı və O da kəcavənin içində oturmuşdu və heç kəs Onun üzünü görmürdü. Nişapurun iki böyük hədis öncülü, Əbu Zəra Razi və Muhəmməd ibni Əsləm Tusi və başqa hədis elmi tələbələri onu qarşılamağa gəlmişdi. O iki hədis öncülü ağlayaraq xahiş etdilər ki, üzünü göstərsin və atalarından hədis nəql etsin. Bu məqamda İmam Rza əleyhissalam qulamlarına əmr etdi ki pərdəni çəksinlər ki, camaatın gözü Onun üzününün nuru ilə işıqlansın. İnsanlar fəryad edir və bəziləri özlərini yerə atmışdılar və bəziləri də İmamın miniyinin torpağından öpürdülər (təbərrük edirdilər)"

"Feyzul-qədir", Abdurrauf Əl-Munavi, cild 4, səh. 489

İbni Həcər Heysəmi yazır: "İbni Həbib deyir: Rəsulullahı (s.a.a) yuxuda gördüm ki, hər il hacıların bizim şəhərimizdə istirahət etdiyi məkandadır və Ona salam verdim. Onun yanında bir qab var idi ki, içində Mədinə xurması var idi və Seyhani növündən idi. Rəsulullah (s.a.a) mənə onlardan 18 ədəd verdi və mən yuxudan oyandım. Yuxumu belə yozdum ki, hər bir xurma ömrümdən qalan bir ilə işarədir. Bu hadisədən 20 gün sonra, Əli ibni Musa Rza əleyhissalam Mədinədən gəldi və həmin məsciddə dayandı. İnsanlar hər tərəfdən Ona salam vermək üçün gəlirdilər. Mən də Ona salam vermək üçün görüşünə getdim. Gördüm ki, yuxuda Rəsulullahın (s.a.a) oturduğu yerdə əyləşib. Yanında da bir qab var ki, həmin Mədinə xurması var içində. Salam verdim, o Həzrət məni yanına çağırdı və bir ovuc o xurmadan mənə verdi. Saydım gördüm ki, elə Rəsulullahın (s.a.a) yuxuda mənə verdiyi sayda idi. Dedim ki, ey Rəsulullahın (s.a.a) övladı, daha çox verin. Buyurdu: "Əgər Rəsulullah (s.a.a) sənə daha çox versəydi, biz də verərdik."

"Səvaiqul-muhriqə", İbni Həcər Heysəmi, cild 2, səh. 594

Gördüyünüz kimi, əhli-sünnətə görə İmam Rza əleyhissalamı ziyarət etmək, ondan təbərrük etmək caizdir və öz kitablarında o Həzrətin (ə) kəramətlərindən kifayət qədər qeyd etmişlər. Əgər bu iş bidət və şirk sayılsa, ilk öncə öz alimlərini belə şeydə ittiham etməlidirlər. Əslində isə bidət bu cür ziyarətləri inkar etməkdir ki, əhli-sünnətin əksəriyyətinin əqidəsi ilə düz gəlmir.