İmam Məhdi (ə) barəsində şübhələrdən biri də Həzrətin (əf) qiyam etdiyi zaman Kəbəni dağıtmasıdır. Bundan istifadə edərək deyirlər ki, "şiələrin Məhdisi" Kəbəni dağıdacaqsa, o əsl Məhdi deyil.
İmam Sadiq (ə): "Qaim Kəbəni uçurdacaq ki, əsasına qaytarmaq üçün..."
"İrşad", Şeyx Mufid, cild 2, səh. 383
"Kafi", Kuleyni, cild 4, səh. 543
"Əl-Ğeybə", Şeyx Tusi, səh. 182
Rəvayətin ilk iki mənbəsində hədis mürsəl olaraq nəql edilib, yəni sənədi qopuqdur. Buna görə də zəif sayılır və mötəbər deyil. "Əl-Ğeybə"-dəki rəvayətdə isə ravilərin arasında Əli ibni Əbi Həmzə Bətaini var. Bu şəxs İmam Kazımın (ə) onun yanında əmanət qoyduğu mallara tamah salaraq, 8-ci imamı inkar edir və vaqifiyyə deyilən məzhəbin əsasını qoyur. Belə bir şəxsin nəql etdiyi rəvayət də təbii ki, mötəbər sayıla bilməz.
Ancaq hətta fərz etsək ki, belə bir şey baş verəcək, sünnilərə görə bu problem olmamalıdır, çünki özlərində bu mövzuda hədislər vardır:
Cərir ibni Həzm Yezid ibni Rumandan, o da Urvədən, o da Aişədən nəql edib dedi: Rəsulullah (s.a.a) buyurdu: "Ey Aişə! Sənin qövmün cahiliyyət dövrünə zaman baxımından yaxın olmasaydı, mən Beytin yıxılmasını əmr edərdim, o da yıxılardı. Sonra Beytdən kənarda qalan Hicri İsmaili də Beytə qatar, qapısını da yerə bitişik edərdim. Beytə biri şərq tərəfdə, digəri qərb tərəfdə olan iki qapı qoydurardım. Beləliklə də Beyti İbrahimin (ə) qoyduğu bünövrələrə çatdırmış olardım."
Urvə dedi: Abdullah ibni Zübeyri Kəbəni yıxmağa və yenidən inşa etməyə sövq edən səbəb, Aişənin xəbər verdiyi Peyğəmbərin (s.a.a) arzusudur.
Cərir ibni Həzm dedi: Yezid ibni Ruman mənə dedi:
Abdullah ibni Zubeyr, Kəbəni dağıdıb yenidən tikən zaman mən də oradaydım. O, Hicrdən bir miqdarını Beytə qatmışdı. O zaman mən, İbrahimin (ə) qoyduğu dəvə hörgücləri kimi bünövrə daşlarını gördüm.
Cərir dedi: Yezid ibni Rumana dedim: İbrahimin (ə) bünövrələrinin yeri haradır? Dedi gəl göstərim. Onunla birlikdə Hicrə getdim. Bax buradır deyib Hicrin əsl hüdudlarına işarə elədi.
"Səhih", Buxari, Kitabul-Həcc, Məkkə və Kəbənin fəziləti babı, hədis 1611
Eyni hədisi Abdullah ibni Zubeyr də xalası Aişədən nəql edib.
"Musnəd", Əhməd ibni Hənbəl, cild 6, səh. 179
Rəsulullah (s.a.a) Aişəyə dedi: "Sənin qövmünün Kəbəni bina edərkən, İbrahimin (ə) qoyduğu təməllərdən bəzilərini tərk edib qısaltdıqlarını bilirsən?" Mən də: "Ya Rəsulullah(s.a.a), sən Kəbənin divarlarını İbrahimin (ə) təməllərinə niyə qaytarmırsan?" Buyurdu: "Qövmünün zamanı kafirlik dövrünə yaxın olmasaydı, mütləq Kəbənin divarlarını İbrahimin (ə) bünövrələri üzərində tikərdim."
"Səhih", Buxari, Kitabul-Həcc, Məkkə və Kəbənin fəziləti babı, hədis 1608
“Yezid ibni Müaviyə zamanında Şam əhli ilə müharibə edərkən Kəbə evi yandırıldı. İbn Zübeyr camaat həcc mövsümünə yığılanadək onu eləcə də saxladı. Bilmək istəyirdi ki, görəsən camaatı Şam əhli ilə döyüşə dəvət etdikdə onun sözünü qəbul edəcəklərmi?
Camaatın qarşısına çıxıb dedi:
-Ey camaat! Kəbə evi haqda sizin fikriniz nədir? Onu söküb yenidən tikim, yoxsa sökülmüş yerlərini təmir edim?
İbni Abbas dedi:
-Mənim nəzərimcə sökülmüş yerlərini təmir etsən yaxşıdır. Qalanı ilə işin olmasın. Kəbə evini İslamın əvvəllərində olduğu kimi saxla!
İbn Zübeyr dedi:
-Əgər sizlərdən birinin evi yansa, onu yenidən tikməyənədək rahat olmursunuz. Allahın evində isə necə?! Mən üç dəfə istixarə edəcəyəm sonra öz işimi görəcəyəm!
Üç dəfə istixarə etdikdən sonra camaat onu qorxudaraq Kəbə evinin üstünə çıxan ilk şəxsə əzabın nazil olmasını vəd etdilər. İlk şəxs Kəbə evinin üstünə çıxıb evin bir daşını qopartdı, amma əzab nazil olmadı.
Sonra dəstə-dəstə camaat evin üstünə çıxaraq onu sökməyə başladılar.
İbn Zübeyr sütunlar qoyub üstünə pərdə saldı. Nəhayət binanı tikib ucaltdı. Sonra dedi:
-Mən Aişədən eşitmişəm ki, deyirdi: “Peyğəmbər (s) buyurub: Əgər camaat təzəlikcə küfrdən əl cəkməsəydilər və mənim də Kəbə üçün xərcləməyə maddi vəsaitim olsaydı Hicri (İsmaildən) beş zira evə daxil edərdim. Bir qapı camaatın daxil olmaları üçün və bir qapı da çıxmaları üçün qoyardım”
Sonra ibni Zübeyr dedi:
-Lakin mənim bu gün pulum var və camaatdan da qorxmuram!
Odur ki, Hicr tərəfdən beş zira evi genişləndirdi və hündürlüyü 18 zira idi. Onu az hesab edərək 10 zira da əlavə etdi. Camaatın giriş-çıxış etmələri üçün iki qapı açdı.
Elə ki Abdullah ibn Zübeyr öldürüldü, Həccac Əbdül-Məlikə bir məktub yazaraq bildirdi ki, Abdullah ibn Zübeyr Məkkə üsyançılarının nəzəri əsasında Kəbə evinin təməlini dəyişib.
Əbdül-Məlik onun cavabında yazdı: “Abdullah ibn Zübeyr getdiyi yolla getməyəcəyik! Evin hündürlüyü olduğu kimi qalsın. Hicr (İsmaildən) daxil etdiyini çıxart və əvvəlki halına qaytar. Onun açdığı qapını da bağla!"
"Səhih", Muslim ibni Həccac Nişapuri, Kitabul-Həcc, Kəbənin dağıdılıb tikilməsi babı, hədis 1333.
Gördüyünüz kimi, şiə mənbələrində bu mövzuda səhih hədis olmasa da, sünnilərə görə Rəsulullah (s.a.a) Kəbəni uçurdub yenidən tikmək istəyirdi. Hətta fərz etsək ki, İmam Məhdi (ə) belə bir şey edə bilər, səbəblərindən biri də bu olar ki, zalımların pulu ilə tikilmiş əlamət və nişanələri aradan aparsın və tam halal vasitələrlə inşa etsin. Necə ki, halhazırda da Kəbənin ətrafında istədikləri kimi binalar tikirlər.