Quranda namaz vaxtları

Qurani Kərimdə namaz vaxtları barədə gələn ayələr bunlardır: 

“Gündüzün iki başında (başlanğıcında və sonunda) və gecənin vaxtında namaz qıl ki, həqiqətən yaxşılıqlar pislikləri aradan qaldırır. Bu öyüd alanlara bir öyüddür” 

Hud surəsi, 114-cü ayə

Gündüzün iki başında, yəni gündüzün əvvəlində sübh namazı qılınır, gündüzün sonunda isə zöhr və əsr namazı üçün ortaq vaxtdır. Günəş zenitdən 1 saniyə belə o tərəfə keçəndə artıq zöhrün və əsrin vaxtı daxil olur, çünki gündüzün ikinci yarısı sayılır. 

Gecənin vaxtında - məğrib və işa namazının vaxtı daxil olur. Məğrib yəni günəşin batdığı vaxtdır. İşa isə ərəblərdə axşama deyirlər. Həmçinin axşam yeməyinə də işa deyərlər. Aydın məsələdir ki, gün batandan sonra elə axşam sayılır. 

 "Gün meyl edəndən gecənin qaranlığınadək (bəlli vaxtlarda) namaz qıl və sübh çağı Quran oxu (sübh namazını da qıl)! Çünki sübh çağı oxunan Quranın şahidləri olur."

İsra surəsi, 78-ci ayə 

"Dulukiş-şəms" Günəşin zenitdən batmağa meyl etməsidir, burada da yenə zenitdən 1 saniyə də o tərəfə keçəndə artıq günəş meyl etmiş sayılır. Bu vaxt da zöhr və əsr namazının ortaq vaxtı daxil olur. 

"Gecənin qaranlığınadək" - söhbət axşamdan gedir ki, bu da məğrib və işa namazlarının vaxtlarıdır. 

"Quranəl-fəcr" - sübh çağı oxunan Quran da sübh namazına işarədir.

Bəziləri deyə bilər ki, burada bütün namaz vaxtları göstərilməmişdir. Ancaq sonrakı ayə bu məsələyə aydınlıq gətirir:

"Gecənin bir vaxtı oyanıb ancaq sənə məxsus (təhəccüd) namazı qıl. Mümkündür ki, (buna görə) Rəbbin səni tərifəlayiq bir məqama yüksəltsin."

İsra surəsi, 79-cu ayə

"Sən onların dediklərinə səbr et! Gün doğmamışdan əvvəl və batmamışdan əvvəl Rəbbini həmd ilə təriflə! Gecənin bir vaxtında və səcdələrdən sonra Onun şəninə təriflər de!"

Qaf surəsi, 39-40-cı ayələr

"Gün doğmamışdan əvvəl"- sübh namazının vaxtıdır, "batmamışdan əvvəl" - zöhr və əsr namazlarının vaxtıdır. "Gecənin bir vaxtında" - şam və işa namazının vaxtıdır. "Səcdələrdən sonra" - elə həmin işa namazından sonra yaxud da nafilə namaz olan gecə namazının səcdələri nəzərdə tutulur.

"Onların dediklərinə səbr et. Günəş doğmamışdan və batmamışdan əvvəl Rəbbini həmd-səna ilə təriflə, gecə vaxtı və gündüzün iki başında Ona təriflər de ki, bəlkə razı qalasan."

Taha surəsi, 130-cu ayə

Bu ayəni adətən namaza aid etmirlər, amma aid olsa da, yenə əvvəlki kimi 3 vaxta işarə edir və sonra yenidən gündüzün iki başı deməklə sübhün vaxtını və zöhrlə əsrin vaxtını təkrar edir ki, namazların vaxtının bundan ibarət olduğunu göstərsin.

Gördüyümüz kimi, sırf Quran ayələri ilə namazların vaxtı üçdür: Sübh namazının vaxtı, zöhr və əsr namazının ortaq vaxtı, məğrib və işa namazının ortaq vaxtı. Bu ortaq vaxtlarda ardıcıllığa riayət olmaqla hər iki namazı birləşdirmək də olar, ayrı qılmaq da.

Bu məsələyə irad bildirənlər adətən dəlil olaraq bu ayəni gətirirlər:

"Namazı bitirdikdən sonra ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edin. Təhlükə sizdən sovuşduqda isə, namazı (lazımi qaydada) qılın. Çünki namaz möminlərə müəyyən olunmuş vaxtlarda vacib edilmişdir."

Nisa surəsi, 103-cü ayə

Bəli, namaz möminlərə müəyyən vaxtlarda vacib edilib, sadəcə Qurani Kərimə görə bu vaxtların sayı 3-dür. Əksini sübut etmək istəyən Qurandan dəlil gətirsin.

Digər bir dəlil olaraq da Rum surəsi, 17-18-ci ayələri gətirirlər:

"Odur ki, siz axşama çatanda və səhərə çıxanda Allahın şərəfinə çoxlu tərif söyləyin. Göylərdə və yerdə həmd Ona məxsusdur. Axşam çağında da, günortaya yetişəndə də (Onun şərəfinə təriflər deyin!)"

Ərəbcə orada "aşiyyən" kəlməsi keçir və qəribə də olsa onların bəziləri iddia edir ki, "aşiyyən" əsr namazının vaxtına işarədir. Halbuki daha əvvəl də qeyd etdiyimiz kimi, işa - axşam vaxtı deməkdir. Allah onda niyə əsr vaxtını günortadan əvvəl qeyd edir? Məgər biz əsr namazını zöhr namazından əvvəl qılmalıyıq? Hətta onlarla razılaşsaq belə, tutaq ki, "aşiyyən" əsr vaxtıdır, bəs Quranda işa namazının vaxtı haradadır? Namaz 4 vaxtdır?

Bəzən də bu ayəni dəlil olaraq gətirirlər və deyirlər ki, orta namaz əsr namazıdır:

"Namazları və orta namazı qoruyun və Allah qarşısında mütiliklə durun."

Bəqərə surəsi, 238-ci ayə

İş orasındadır ki, bu ayədəki orta namazın hansı namaz olduğu barədə sünnilərin qədim və müasir alimləri müxtəlif fikirlər deyiblər. 5 namazın hər birinin orta namaz olması barədə fikirlər irəli sürüblər. Beşinin cəmidir deyənlər də vardır. Hətta əsr namazı orta namaz olaraq qəbul edilsə belə, əsrin zöhrdən birbaşa sonra qılına bilməyəcəyinə işarə etmir.

Digər istifadə etdikləri ayə də budur:

"Ey iman gətirənlər! Sahib olduğunuz kölələr və həddi-buluğa çatmayanlar (yanınıza girmək istədikdə) qoy üç vaxtda sizdən izin istəsinlər: sübh namazından əvvəl, günorta paltarınızı çıxartdığınız zaman və işa namazından sonra. (Bu) sizin çılpaq ola biləcəyiniz üç vaxtdır. Qalan vaxtlarda bir-birinizin yanına (icazəsiz) girməkdə nə sizə, nə də onlara heç bir günah gəlməz. Allah ayələri sizə belə izah edir. Allah Biləndir, Müdrikdir."

Nur surəsi, 58-ci ayə

Onlar iddia edir ki, işa namazı xüsusi vurğulandığı üçün deməli onun ayrıca bir vaxtı var və bu da 5 vaxta işarədir. Ancaq bu ayədən həmin nəticə əldə edilməz. Çünki əvvəla, işa vaxtı axşam vaxtı deməkdir və məğrib və işa namazı üçün müştərək vaxtdır. Ayədə də deyilir ki, "işa namazından sonra", orada da işa namazı üçün ayrıca vaxt müəyyən edilməyib. İşa namazının nə vaxt qılınması isə əvvəldə gətirdiyimiz ayələrdə açıq-aşkar göstərilmişdir. Bir ehtimal da desək, diqqət etsəniz ayədə iki namaz vaxtı və günorta vaxtı deyilir ki, elə o da zöhr və əsrin vaxtıdır. Beləliklə də, ayəyə əsasən namaz vaxtları əsas olaraq götürülüb və onların da sayı həmişə olduğu kimi üçdür. 

Nəticə olaraq, Qurani Kərimdə 5 namaz üçün cəmisi 3 vaxt göstərilmişdir: sübh namazının vaxtı, zöhr və əsr namazlarının ortaq vaxtı, məğrib və işa namazlarının ortaq vaxtı. Buna əsasən də ortaq vaxtları olan namazları ardıcıl da qılmaq olar, ayrı-ayrı da.