Əli (ə) və oğulları (ə) fəthlərdə iştirak edib?

Əhli-Beyt (ə) "İslami fəthlər" adlanan yürüşlərin heç birində iştirak etməyiblər. Elə bu fakt bir neçə məsələyə aydınlıq gətirir. Onlar xilafəti qəsb etmiş şəxslərin bayrağı altında döyüşməyiblər, həmçinin fəth adı ilə edilən istila və zülmlərdə şərik olmayıblar. Əhli-Sünnət isə iddia edir ki, Əli (ə) özü bu döyüşlərdə iştirak etməsə də, iki oğlu- Həsən və Hüseyni (ə) bu döyüşlərdə iştirak üçün göndərib. Allahın izni ilə bu şübhəyə ətraflı cavab verəcəyik və qarşı tərəfə əlavə suallar da ünvanlayacağıq.

İlk olaraq Tarixi Təbəridə gəlmiş məlumata baxaq:

"Hicrətin 30-cu ildə Səid ibni As Kufədən Xorasana yürüş etmək üçün çıxdı. Onunla Huzeyfə bin Yəmani və səhabələrdən də var idi: Həsən ibni Əli ibni Əbu Talib, Hüseyn ibni Əli ibni Əbu Talib (ə), Abdullah ibni Ömər ibni Xəttab, Abdullah ibni Abbas, Abdullah ibni Zubeyr..."

"Tarix ət-Təbəri", Muhəmməd Cərir Təbəri, cild 4, səh. 269

Təbəridən də başqa da tarixçilər bu barədə yazıb amma heç birində sənəd olmadığına görə bir dəyəri yoxdur. Ona görə elə Təbərinin yazdığı barədə araşdıraq. Əvvəla, Muhəmməd Cərir Təbəri sünni alimidir və onun yazdığı kitab bizim üçün höccət deyil. Elə əhli-sünnətin özü də hər tarix kitabında gördüyünü qəbul etmək məcburiyyətində deyil və araşdırmalıdır. Ravilərin içərisində Əli ibni Mücahid adı gözə çarpır ki, sünni rical alimlərinə görə o yalançı və hədis uyduran biri kimi tanınır. Onu yalançı kimi göstərən mənbələr:

"Əl-cərhu vəttədil", İbni Əbi Hatəm, cild 6, səh. 205

"Əz-zuəfa vəl-mətrukun", Əbul-fərəc İbnul Covzi, cild 2, səh. 198

"Əl-Muğni fiz-zuəfa", Şəmsuddin Zəhəbi, cild 2, səh. 454

"Mizanul-etidal", Şəmsuddin Zəhəbi, cild 3, səh. 152

Həmçinin ravilərin içində Hənəş ibni Malik də var ki, məchul şəxsdir və mötəbər rical kitablarının heç birində onun haqqında məlumat yoxdur.

Digər bir ravi isə Seyf ibni Ömərdir ki, heç Təbəri özü belə onu etibarlı şəxs hesab etmir, çünki zindiqliklə (dinsizlikə) məşhur idi.

Müasir sələfi alimlərindən Muhəmməd Subhi Həsən Həllaq Təbərinin həmin ildə Təbəristanın fəthi ilə bağlı gətirdiyi rəvayətləri zəif hesab edir:

"Biz deyirik: Təbəri hicri 30-cu ildə Təbəristanın fəthi ilə bağlı gətirdiyi 3 zəif rəvayət gətirmişdir ki, onlardan ikisinin sənədində Əli ibni Mücahid var ki, tərk olunmuşdur, üçüncü rəvayətin də sənədi qopuqdur."

"Səhih və zəif Tarix ət-Təbəri", Muhəmməd Subhi Həllaq, cild 3, səh. 315 (2007-ci ildə çap olunub)

Bundan başqa da, elə həmin kitabda iki səhifə sonra (səhifə 271-də) eyni sənədlə eyni rəvayəti edir, amma orada Həsən və Hüseynin (ə) adı yoxdur. Bu da sübut edir ki, İmam Həsən və İmam Hüseynin (ə) adı oraya sonradan əlavə olunmuşdur.

Həmin Təbəri başqa bir kitabında yazır ki, Siffeyndə Əmirəlmuminin Əli (ə) Həsən və Hüseyni (ə) qorumaq üçün döyüşə yollamırdı.

"Tarixul-Uməm vəl-muluk", Təbəri, cild 4, səh. 44

Bəs necə mümkündür ki, Əli (ə) Peyğəmbərin (s.a.a) yadigarlarını Əməvilərdən olan Səid ibni Asın rəhbərliyi ilə gözündən uzaq bir səfərə yollasın, bir halda ki Əməvilərin Əhli-beytə (ə) düşmənçiliyi hamıya bəllidir? Ancaq səbəbi tək bu deyildir. Bizim əqidəmizə əsasən, qeyri-adil imamın rəhbərliyi altında cihada getmək haramdır. Məhz bu səbəbdən də Əli (ə) özü də heç bir fəthdə iştirak etmədi.

Zəhəbi bu barədə yazır:

"Əli (ə) Rəsulullahdan (s.a.a) sonra nə Fars, nə Rum, nə də başqa heç bir döyüşdə iştirak etmədi."

"Əl-Muntəqa", Şəmsuddin Zəhəbi, səh. 541

İbni Teymiyyə də bunu təsdiq edir:

"Peyğəmbərdən (s.a.a) sonra Əli (ə) ancaq öz (xilafəti) zamanındakı 3 döyüşdən: Cəməl, Siffeyn və Nəhrəvandan başqa heç birində iştirak etmədi."

"Məcmu əl-fətəva", ibni Teymiyyə Hərrani, cild 4, səh. 493

Bəs görəsən nəyə görə İmamlar (ə) bu "cihadların" heç birində iştirak etməyiblər? Cavabını elə Əli (ə) özü deyib:

"Müsəlman bir şəxs Allaha imanı olmayan bir şəxsin hökmü ilə gərək cihada getməsin və Allahın hərbi qənimətlər ilə bağlı hökmünü icra etməsin. Əgər getsə və öldürülsə, bizim düşmənimizə bizim hüquqlarımızın həbsində və qanımızın tökülməyində kömək etmişdir. Ölümü də cahiliyyət dövrünün ölümü kimidir."

"Əl-Xisal", Şeyx Səduq, cild 2, səh. 625

"Ey Kumeyl... Adil hakim olmadan heç kimin bayrağı altında cihada getmə!"

"Tuhəful-üqul", İbni Şöbə əl-Hərrani, səh. 175

İndi isə sual veririk: Peyğəmbər (s.a.a) zamanında öz şücaəti ilə seçilən Əli (ə) Rəsulullahdan (s.a.a) sonra düz 25 il heç bir döyüşdə iştirak etmir və övladlarını da bu döyüşlərdə iştirak etməyə qoymur. Sizcə bunun səbəbi nədir? Ağıl sahibləri üçün bunda böyük ibrət vardır...