Salavat necə deyilir?

Allah-təala Qurani Kərimdə əmr edir:

"Həqiqətən, Allah və Onun mələkləri Peyğəmbərə salavat göndərirlər. Ey iman gətirənlər! Siz də ona salavat göndərib kamil şəkildə salamlayın!"

Əhzab surəsi, 56-cı ayə.

Rəsulullahdan (s.a.a) bu ayə barəsində soruşanda belə buyurub:

"Biz bir dəfə Rəsulullahdan soruşduq: Sizin Əhli-Beytinizə xas olaraq salavat hansıdır? Çünki Allah bizə yalnız sənə necə salam edəcəyimizi öyrətmişdir. Rəsulullah (s.a.a) bizə buyurdu: Belə deyin: Allahummə salli alə Muhəmmədin və alə Ali Muhəmməd, kəma salləytə alə İbrahimə və alə Ali İbrahim, innəkə Həmidun Məcid. Allahummə barik alə Muhəmmədin və alə Ali Muhəmməd, kəma barəktə alə İbrahimə və alə Ali İbrahim, innəkə Həmidun Məcid. 

"Səhih", Buxari, Kitab əhadis əl ənbiya, 13-cü bab

"Səhih", Muslim, Kitabus-salat, Təşəhhüddən sonra Peyğəmbərə (s.a.a) salavat göndərmək babı

"Biz Səd ibni Ubadənin məclisindəykən Rəsulullah (s.a.a) yanımıza gəldi. Bəşir ibni Səd dedi: Allah sənə salavat göndərməyimizi əmr etdi. Ya Rəsulullah (s.a.a), sənə necə salavat göndərək? Rəsulullah (s.a.a) sükut etdi, o qədər ki, biz kaş ki Bəşir bu sualı verməyəydi deyə düşündük, sonra Rəsulullah (s.a.a) buyurdu:

Ey Allah! Muhəmməd və Ali-Muhəmmədə salavat göndər,İbrahimə (ə) və Ali İbrahimə göndərdiyin kimi. Muhəmməd (s.a.a) və Ali-Muhəmmədə (ə) bərəkət göndər necə ki Ali-İbrahimə (ə) aləmlər içində bərəkət yolladın. Həqiqətən sən, Həmid və Məcidsən! Salam da olduğu kimidir. 

"Səhih", Muslim, Kitabus-salat, Təşəhhüddən sonra Peyğəmbərə (s.a.a) salavat göndərmək babı

Rəsulullah (s.a.a) buyurdu: Mənə salavat göndərin, dua etməkdə çalışın və belə deyin: Allahummə salli alə Muhəmmədin və Ali-Muhəmməd. 

"Səhih Sünən Nisai", Nisai, səh. 414, hədis 1291.(Nasiruddin Albani bu hədisi səhih bilir) 

Rəsulullah (s.a.a): "Mənə bətra salavatı göndərməyin. Səhabələr soruşdu ki, bu necə olur? Buyurdu: Allahummə salli alə Muhəmməd deyib Ali Muhəmmədi deməsəniz - bu naqis salavatdır. Əksinə sizlər belə deyin: Allahummə salli alə Muhəmmədin və Ali Muhəmməd."

"Səvaiqul-muhriqə", İbni Həcər Heytəmi, səh. 225

"Əlqovl əl-bədi", Səxavi, səh. 45

Rəsulullah (s.a.a) buyurdu: "Hər kəs mənə salavat göndərsə amma Ailəmə salavat göndərməzsə, cənnətin ətrini duymaz, halbuki cənnətin ətri 500 illik məsafədən hiss edilər."

"Əmali", Şeyx Səduq, səh. 150, 36-cı məclis, 11-ci hədis

İbni Teymiyyə yazır: Allah əmr etdi ki, Peyğəmbərə salavat göndərən zaman Ailəsinə də salavat göndərilsin. Bu onların haqqlarındandır ki, gərək riayət oluna. 

"Məcmu əl-fətəva", cild 3, səh. 407

Ancaq ibni Teymiyyə özü elə həmin kitabda  salavat göndərəndə "Al" sözünü gətirmir!

İndi isə görək bunun səbəbi nədir ki, əhli-sünnət salavatı yarımçıq deyir? Sələfi alimi Sənani yazır:

"Buradan başa düşürük ki, salavatdan "Al" sözünün silinməsi, necə ki, hədis kitablarında gəlib, rəva deyildir. Mən bu barədə axtarış etdim və soruşdum, cavabında dedilər: Şübhəsiz, hədis əhlinin nəzərinə görə Peyğəmbərə  və Ailəsinə (s.a.a) salavat müşəxxəs və sabitdir. Onlar özləri bunun raviləridirlər. Ancaq onu səhvən və təqiyyəyə görə aradan qaldırdılar. Çünki Bəni-Üməyyə dövləti sevmirdi ki, Əhli-Beyt (ə) yad edilsin. Sonra da camaatın əməli də bu cür davam elədi, çünki sonrakılar əvvəldəkilərin yoluyla getdi. Beləliklə, salavatdan "Al" kəlməsini silməyin dəlili yoxdur."

"Səbilul-islam  şərh buluğil-məram", Muhəmməd ibni İsmail Sənani, cild 1, səh. 551-554

Sələfi müftisi Saleh Aluş-Şeyx əsl salavatı deyir və bəlli olur ki, salavatdan sonra səhabələri də əlavə etmək Allahın əmri və Peyğəmbər (s.a.a) sünnəsi deyildir:

Həmçinin Peyğəmbərə  salavatda əsl, Peyğəmbər və Ali-Peyğəmbərə (s.a.a) salavatdır. Belə ki, Əbu Həmidin hədisində, ondan başqa Səhiheyndə və qeyri-Səhiheyndə bu məsələyə işarə olunub. Amma əhli-sünnət, Peyğəmbərə salavat göndərəndə Ailəsini də yad etmək istəyərsə, səhabəni də onlarla bərabər oraya daxil edirlər və onlara belə salavat göndərirlər: sallallahu aleyhi və alihi və sahbihi və səlləm. 

"Əl-ləail bəhiyyə fi şərhi əqidətul-vasitiyyə", Saleh bin Əbdüləziz Aluş-Şeyx, cild 2, səh. 411

Nəticədə məlum olur ki, həm sünni, həm də şiə mənbələrinə əsasən salavatda Rəsulullah (s.a.a) və Ailəsinə salavat göndərilməlidir: Allahummə salli alə Muhəmmədin və Ali Muhəmməd.