Niyə Quranı başa qoyub dua edirik?

Qədr gecələrinin əməllərindən biri də Quranı başa qoyub dua etməkdir. Bu əmələ görə şiələrə irad tuturlar ki, bidətdir və İslam böyüklərindən heç biri bunu etməyib. Bu məqalədə həmin şübhəyə cavab verəcəyik. 

Əslində bu barədə hədis olmasaydı belə, bir şəxsin Quranı başa qoyub dua etməsi barədə heç bir qadağa yoxdur və gərək irad tutanlar özləri dəlil gətirsinlər ki, bu iş caiz deyil. Ancaq nəzərlərinə çatdırırıq ki, bu iş İslamda təzə deyil:

"Əbu Saleh Hənəfi nəql edir: Həzrəti Əlini (ə) gördüm ki, Quranı götürdü və başına qoyduelə ki, mən onun vərəqlərinin səsini eşidirdim. Sonra buyurdu: İlahi, onlar mənə mane oldular ki, ümmət içində hökm edim. İlahi, bunun savabını mənə əta et!" 

"Əl-Mərifə vəttarix", Əbu Yusuf Bəsəvi, cild 2, səh.751

"Əl-Bidayə və-Nihayə", İbni Kəsir, cild 7, səh. 610

Bu hədisin bütün raviləri Buxari və Müslimin raviləridir. Ona görə də sənədi əhli-sünnətə görə səhihdir. 

Quranı başa qoymaq barədə şiə mənbələrində:

İmam Sadiq (ə) buyurdu: "Quranı götürüb başına qoy və bu cür dua et..." 

"İqbalul-əmal", Seyid ibni Tavus, cild 1, səh. 187

İmam Rza (ə): "Bir məsələ səni narahat edərsə (hacətin varsa) iki rükət namaz qıl, birinci rükətdə Fatihə və Ayətəl-Kürsi oxu, ikinci rükətdə Fatihə və" İnna ənzəlnahu fi ləylətil Qədr" oxu, sonra Quranı götür, başın üzərində tut və de... "

"Biharul-Ənvar", Əllamə Məclisi, cild 88, səh. 353

Sonda qeyd edək ki, bu qəbildən olan hədislərin sənədi hətta zəif belə olsa, savab ümidi ilə edilir. 

İmam Sadiq (ə):  "Bir şəxs bir şeyin savab olmasını eşitsə və o işi görsə, elə şey olmasa da savabı ona çatar."

"Kafi", Şeyx Kuleyni, cild 2, səh. 87