Həzrəti Xədicənin (sa) üstünlüyü

Həzrəti Xədicənin  (sa) fəzilətləri barədə nə qədər yazılsa da azdır. Elə təəssüf verici haldır ki, indiyə qədər o Xanımın (sa) haqqında çox az danışılıb, xüsusən də Ummul-muminin deyəndə, Peyğəmbər (s.a.a) qadınlarının ən üstünü kimdir deyəndə onu yox, Aişə binti Əbu Bəkri yada salıblar. Gəlin görək bu həqiqətən də belədirmi?

Cəbrail (ə) dedi: Ya Rəsulullah (s.a.a)! Bu Xədicədir... O Sənin yanına gələndə, Rəbbinin və mənim tərəfimdən ona salam yetir. Və onu Cənnətdə bir evlə müjdələ ki, orada səs-küy və zəhmət yoxdur!

"Səhih", Buxari, Kitabun Mənaqibul Ənsar, Peyğəmbərin (s.a.a.) Xədicə ilə evlənməyi və onun fəzilətləri babı, hədis 3644

"Səhih", Muslim, Kitabun Fəzailus-Səhabə, Həzrəti Xədicənin fəzilətləri babı, hədis 2432

Aişə Fatiməyə (sa) dedi: Sənə müjdə verimmi ki, Rəsulullahdan (s.a.a) eşitdim: "Cənnət qadınlarının seyyidəsi (xanımı) dörddür: Məryəm binti İmran, Fatimə binti Rəsulullah (s.a.a), Xədicə binti Xuveylid və Asiyə.

"Mustədrək aləs-səhiheyn", Hakim Nişapuri, cild 3, səh. 205

Rəsulullah (s.a.a) yerdə 4 xətt çəkdi. Soruşdu: Bilirsiniz bu nədir? Dedilər: Allah və Rəsulu (s.a.a) daha yaxşı bilir. Buyurdu: Cənnət əhlinin ən üstün qadınları Xədicə binti Xuveylid, Fatimə binti Muhəmməd (ə), Məryəm binti İmran, Fironun arvadı Asiyə binti Muzahim.

"Musnəd", Əhməd ibni Hənbəl, cild 5, səh. 77 (səhihdir)

Bu məsələ  (Həzrəti Xədicənin (sa) Aişədən üstünlüyü) barəsində qədimdən indiyə kimi alimlər arasında ixtilaf vardır. Bununla yanaşı hədislər də vardır ki, şiələr və qeyriləri onlara istinad edirlər və heç bir qadını Xədicə (sa) ilə bir rütbədə bilmirlər. Məsələn, Allahın Xədicəyə (sa) salam göndərməsi, İbrahimdən başqa Rəsulullahın (s.a.a) bütün övladlarının ondan olması, onun sağ olduğu müddətdə Rəsulullahın (s.a.a) başqa bir qadınla evlənməməsi, siddiqə xanımlardan olması ki, besətin əvvəlində onun üçün siddiq məqamı sabit olmuşdur (yəni Peyğəmbəri (s.a.a) təsdiq edib), can və malını Rəsulullaha (s.a.a) bağışlayıb. Amma əhli-sünnət ki, onlardan bir dəstəsi ğüluvv və şişirtmə etmişdirlər. Onların hər ikisi üçün də fəzilətlər sabitdir ki, aydın məsələdir, amma sünniliyin qüvvəsi (təəssübü)  onları vadar edib ki, Aişəni Xədicədən (sa) üstün qərar versinlər, zira ki, o Əbu Bəkrin qızıdır, Xədicədən (sa) daha elmlidir və s.

"Sirətun Nəbəviyyə", İbni Kəsir, cild 2, səh. 136-137

Hələ Aişənin nə qədər elmli olması barədə öz mənbələrindən olan hədisi təqdim edək, özünüz qərar verin:

Aişə Əbu Hureyrəni yanına çağırdı və dedi: Ey Əbu Hureyrə! Bu nə hədislərdir ki, camaatın içində Rəsulullahdan (s.a.a) nəql edirsən? Məgər sən bizim eşitdiyimizdən və gördüyümüzdən başqa bir şey görüb-eşidibsən? Əbu Hureyrə dedi: Ey ana! Siz ki, məşğul idiniz, sənin bir əlində güzgü, bir əlində də sürmə var idi və Peyğəmbər (s.a.a) üçün özünü bəzəyirdin. Ancaq mən də məşğul idim və işim də hədis toplamaq idi.

"Mustədrək aləs-səhiheyn", Hakim Nişapuri, cild 14, səh. 239  (Zəhəbi bu hədisi səhih bilir)

(Görəsən Əbu Hureyrə haradan bilirdi Aişə nə işlə məşğul idi?)

Həmçinin ibni Həcər Əsqəlaniyə görə Təthir ayəsi Əhli-Əbaya və Həzrəti Xədicəyə (sa) aiddir və ayədəki Əhli-Beyt (ə) Həzrəti Xədicəyə (sa) qayıdır. Dəlil kimi də deyir ki, Hədisi Kisada adı çəkilən Fatimə (sa) onun qızıdır, Həsən və Hüseyn (ə) nəvələridir, Əli (ə) da uşaqlığından onun evində böyüyüb və sonra da onun qızı ilə evlənib. Buna görə də bu ayənin mərcə və məsdəri Xədicədir (sa), başqası yox!

"Fəthul-Bari", ibni Həcər Əsqəlani, cild 7, səh.169

Aişə dedi: Rəsulullah (s.a.a) demək olar ki, hər dəfə Xədicəni (sa) anmadan və onu gözəl şəkildə tərifləmədən evindən çıxmazdı. Yenə də bir gün ondan danışdı və bu mənim qısqanclığıma toxundu. Dedim ki: Allah sənə o qoca qadının yerinə daha xeyirlisini vermədimi? Buna görə Rəsulullah (s.a.a) qəzəbləndi və belə cavab verdi: "Xeyr! Allaha and olsun ki, mənə Xədicədən (sa) daha xeyirli xanım verilmiş deyildir. İnsanlar məni inkar etdiyi zaman o mənə iman gətirdi. İnsanlar məni yalanladığı zaman o təsdiq etdi. İnsanlar məni məhrum etdiyi zaman o malını mənə xərclədi. Allah onunla mənə uşaq nəsib etdi, ancaq digər arvadlarımdan uşağım olmadı” Aişə dedi: Öz-özümə dedim ki, bundan sonra hisslərimi içimdə tutacağam və artıq Xədicəni çirkin sözlərlə anmayacağam.

"Usdul-Ğabə", İbni Əsir, cild 7, səh. 86

Aişə dedi: Bir dəfə Xədicənin (sa) bacısı Halə binti Xuveylid Rəsulullahın (s.a.a) hüzuruna girmək üçün izn istədi. Rəsulullah (s.a.a) Xədicənin (sa) izn istəməyini xatırladı və buna görə halı dəyişdi. "Ya Allah, Halə!" dedi. Qısqandım və dedim: Qırmızı damaqlı və zamanla həlak olmuş Qureyş qarısının nəyini xatırlayırsan? Allah onun yerinə sənə, ondan daha xeyirlisini vermişdir! -deyərək Rəsulullahı (s.a.a) qarşıladım.

 "Səhih", Buxari, Kitabun Mənaqibul Ənsar, Peyğəmbərin (s.a.a.) Xədicə ilə evlənməyi və onun fəzilətləri babı, hədis 3645

İbni Kəsirin Həzrəti Xədicənin (sa) fəziləti barədə mühüm bir etirafı:

"Və Xədicənin (sa) xüsusiyyətlərindən biri də bu idi ki, heç vaxt Peyğəmbərə (s.a.a) əziyyət etməmiş, ədəbsizlik göstərməmiş, Onu qəzəbləndirməmiş, Peyğəmbər (s.a.a) də ona qarşı tənə etməmiş, ondan uzaq durmamışdır və bu onun fəziləti və mənqibəsi üçün kifayətdir. Xüsusiyyətlərindən biri də budur ki, ümmət içində Allaha və Peyğəmbərə (s.a.a) ilk iman gətirən qadındır."

"Təfsir İbni Kəsir", İbni Kəsir, cild 6, səh. 404

İbni Kəsir bunu dedikdə Peyğəmbərin (s.a.a) bəzi zövcələrinə olan münasibətini nəzərə alır. Bildyimiz kimi, Peyğəmbəri (s.a.a) qəzəbləndirən, incidən şəxslər olmuşdur ki, Peyğəmbər (s.a.a) də bəzən onlardan uzaq durmuşdur. Maraqlananlar Təhrim surəsi və təfsirlərinə müraciət edə bilərlər.

Nəticə olaraq görürük ki, Ummul-muminin Həzrəti Xədicə (sa) fəzilətdə daha üstündür, amma təəssübkeşlik səbəbindən ona daha az diqqət ayrılmışdır. Allah isə bizləri araşdırmağa, sözlərə qulaq asıb ən yaxşısına tabe olmağa səsləyir və haqq acı da olsa, qəbul etmək lazımdır. Çünki yalnız bu yolla İslam tarixində baş vermiş və indiyədək öz təsirini qoymuş hadisələrin mahiyyətini başa düşmək olar.