Orucun bədənə faydaları

Allahın insanlara əmr etdiyi oruc tutmağın bir çox fərqli aspektlərdən faydası vardır. Bunlardan biri də orucun bioloji faydalarıdır:

1. Oruc hüceyrələri yeniləyir. Hüceyrələrdə özünübərpa mexanizmi var və bu autofaq adlanır. 2016-cı ildə yapon alimi Yoşunori Osumi autofaq barədə araşdırmasına görə tibb üzrə Nobel mükafatını alır və həmin araşdırmasında qeyd edir ki, uzun aralıqlı ac qalmaq hüceyrənin özünü təmizləməsinə və lazımsız hissələrdən azad olmasına gətirib çıxarır. Hüceyrələrdə toplanmış "defektiv proteinlər" Alzaymer, ateroskleroz, xərçəng və başqa xəstəliklərin səbəbkarıdır. Yeməyi azaltmaq və diet isə bu effekti vermir, çünki ən xırda protein belə bu mexanizmi söndürür, ona görə də oruc zamanı hər növ yemək və içməkdən uzaq durulur ki, mexanizm işə düşsün. Xırda bir misal: Hansısa zavodu təmir etmək üçün onun fəaliyyətini dayandırmağını gözləyirlər ki, proses gedən zaman müdaxilə etmək olmur. Əgər təmir zamanı proses işə düşərsə dərhal bu təmiri saxlayarlar. Bədənimiz isə daha mürəkkəb bir sistemdir və özünü bərpa etməyi üçün ciddi bir proqrama ehtiyacı vardır. Zavodun köhnə hissələrinin yenisi ilə əvəz olunduğu kimi, hüceyrələr də artıq hissələri atır və yenidən böyümək üçün yeni qidaya ehtiyac duyur. Ona görə də aclıq və yemək növbə ilə olmalıdır, sutkalarla ac qalmaq fayda verməyəcək. Buna görə də iftar anlayışı var.

2. Oruc artıq çəkini azaldır. Artıq çəki yüksək təzyiq, diabet, ürək-damar, qaraciyər, mədə, böyrək (diabet və yüksək təzyiqə görə), öd kisəsi və s. xəstəliklərə səbəb olur, bir çox orqanların xərçəng xəstəliyinə tutulmasında təsiri var, əzələ və skelet sistemini zəiflədir, tənəffüsdə problemlər yaradır. Artıq çəkili xanımların doğuş ehtimalı aşağı düşür və hamiləliyin də çətin keçməsinə səbəb olur. Həmçinin artıq çəki sinir sisteminə də mənfi təsir, depressiyalara da səbəb olur. Oruc artıq çəkini azaldır, təbii ki, iftarda həddən artıq yeməmək və sağlam qidalar qəbul etmək şərti ilə. 1 ay oruc tutmaqla mədə kiçilir və insan istəsə Ramazan ayından sonra da bunu davam etdirə və daha gözəl nəticələr əldə edə bilər. Çünki oruc həm də iradəni gücləndirir və insan bunu bacardığını görüb daha rahat şəkildə qarşısına qoyduğu hədəfə çatar.

3. Oruc zərərli vərdişlərə qarşı kömək edir. Mövzu iradədən düşmüşkən, oruc tutan insan siqaret və başqa zərərli vərdişlərdən uzaq durmağı öyrənir və onları birdəfəlik tərk etmək üçün şans yaranır. Orqanizm də daha az təsirə məruz qaldığı üçün sağlamlıqda da irəliləyiş baş verir.

4. Oruc immun sistemini gücləndirir. Oruc tutan zaman qanda limfositlər azalır və immun sistemi yeni limfositlər hazırlayır. Bu da ümumilikdə immun sistemimizin yenilənməsinə və daha yaxşı faəliyyət göstərməsinə səbəb olur.

5. Oruc beynin faəliyyətini yaxşılaşdırır.  Aparılan təcrübələr göstərir ki, oruc yaddaş və koqnitiv funksiyalar üçün faydalıdır, xüsusən də yaşlanma ilə bağlı zəifləyən funksiyalar üçün. Bunun bir neçə səbəbi vardır, məsələn, hüceyrədəki enerji mənbəyi olan mitoxondrilərin sayını artırır, bədənin enerji üçün istifadə etdiyi ketonlar hüceyrələrə siqnal verir ki, BDNF (Brain-Derived Neurotrophic Factor) proteini vasitəsi ilə yeni beyin hüceyrələri yaratsın və s.

6. Oruc qanda şəkərin miqdarını tənzimləyir. Buna səbəb isə bədəndə insulinə qarşı müqavimətin azalmasıdır. Oruc ilə insulin həssaslığı artır.

7. Oruc xroniki iltihablanma ilə mübarizə aparır. Bədənin müxtəlif infeksiyalara qarşı immun reaksiyası olan iltihab xroniki hala keçərsə ürək və xərçəng xəstəlikləri kimi problemlərə yol aça bilir. 2007-ci ildə müxtəlif cins və yaş qrupları üzərində aparılan bir təcrübə sırf Ramazan orucu barədə idi və orucun iltihab əleyhinə təsirinin 1 ay oruc tutduqdan sonra da davam etdiyini göstərirdi.

8. Oruc ürəyin dostudur. Çünki oruc "pis xolestrini" təqribən 25% azaldır və xolesterinin bu növü də ürək-damar xəstəliklərinə yol açır. Bundan başqa orucun diabetə müsbət təsiri də dolayı yolla ürəyə də yaxşı təsir edir, çünki diabet özü də ürək xəstəlikləri riskini artırır. Oruc ən çox ürəyin koronar (tac) damar xəstəliyi riskini azaldır, ABŞ-da1994-2002-ci illərdə 4629 nəfərin üzərində aparılmış müayinələr bunu deməyə əsas verir.

9. Oruc ömrü uzadır. Düzdür, bu təcrübə hələ insanlar üzərində aparılmayıb amma siçanlar üzərində aparılan təcrübə göstərib ki, siçanlarda qocalma faktorlarını gecikdirib və 83% ömrünü artırıb. Ancaq insanlar barədə də rahatlıqla deyə bilərik ki, mövcud xəstəliklərin qarşısının alınması və hüceyrələrin yenilənməsi həyatın kəmiyyət və keyfiyyət baxımdan artmasıdır.

10. Oruc mədə-bağırsaq sistemi üçün istirahətdir. Adi vaxtlarda durmadan çalışan həzm sistemi istirahət edir. Qaraciyər, yoğun bağırsaq, dəri və böyrəklərdə detoks baş verir. Mədənin sağlam olması isə dolayısı ilə bütün orqanlara təsir edir. 

Bunlar hələ bizim bildiklərimizdir. Bütün bu faydalardan daha üstünü isə orucun bizə verdiyi ruhi və mənəvi faydalardır.