Biz əvvəlki məqalələrlə isbat etmişdik ki, Yer üzündə mütləq bir imam olmalıdır və əks halda məhv olar. Əslində bu məqalənin özü həmin suala cavab idi, ancaq yenə də ətraflı olaraq bu məsələyə cavab yazacağıq:
İmam Sadiq (ə) buyurmuşdur: “Allah-taala həzrət Adəmi (ə) yaratdığı gündən Qiyamətə qədər yer üzü heç vaxt İlahi höccətsiz olmamış və olmayacaqdır. İstər zahiri və aşkar höccət olsun, istərsə də qeybdə və gizlində olan höccət. Əgər yer üzündə İlahi bir höccət olmasa, Allaha sitayiş olunmaz.” Rəvayəti söyləyən şəxs İmamdan soruşur ki, camaat qeybdə olan İmamdan necə istifadə edəcək? İmam Sadiq (ə) buyurur: “Günəşdən bulud arxasında olarkən istifadə etdikləri kimi.”
"Biharül-ənvar", Əllamə Məclisi, cild 52, səh.92.
Rəsulullah (s.a.a) isə bu suala belə cavab verir: “Bəli, and olsun məni Peyğəmbər seçmiş Allaha ki, günəş bulud arxasında olarkən insanlar onun nurundan istifadə etdikləri kimi onun qeybdə olduğuna baxmayaraq, şiələr ondan istifadə edəcək, İmamətinin nurundan bəhrələnəcəklər.”
"Biharül-ənvar", Əllamə Məclisi, cild 52, səh.93
Bizə Məsumların (ə) sözü kifayət edir, bütün yer üzü, yaxşı və pis Onun mübarək vücudundan faydalanır, necə ki, Günəş fərq qoymadan hər şeyə işıq saçır, ancaq müxaliflərə cavab olsun deyə onların mənbələrindən də dəlil gətirəcəyik:
Əhli-Sünnət alimi İbni Həcər Əsqəlani yazır:
"Peyğəmbərlərdən dörd nəfəri sağdır və yer əhlinin (bəlalardan) amanıdırlar, ikisi- yer üzündədir- Xızr və İlyas , ikisi isə isə səmadadır- İdris və İsa (ə) ."
"Fəthul-Bari fi şərhi Səhih əl-Buxari", İbni Həcər Əsqəlani, cild 6, səh. 434
"Durrul-mənsur", Suyuti, cild 4, səh. 239
"Rəbiul-əbrar", Zəməxşəri, cild 1, səh. 397
Qurtubi isə deyir:
"Həqiqətən Xızr və İlyas yer üzündə sağdırlar, nə qədər ki Quran yer üzündədir, elə ki (yer üzündən) götürüləcək, onlar da öləcək."
"Camiul-Əhkam", Qurtubi, cild 13, səh. 361
Sual budur ki, İsa (ə) iki min ildir səmadadır, nə faydası var? Təbii ki, Qiyamətdən öncə bir missiyası vardır və onu gözləyir. Həmin missiyanı icra edərkən də İmam Məhdinin (əf) arxasında namaz qılacaqdır. İmam Məhdi (əf) da öz imamlıq missiyasını icra edir və sadəcə hakimiyyət etmək üçün uyğun zamanı gözləyir. İsanı (ə) səmada saxlayan Allah üçün İmam Məhdini (əf) yer üzündə saxlamaq çətin deyil.
Səqəleyn hədisində də Qiyamətə qədər Qurandan ayrılmayacaq Əhli-Beyt (ə) üzvünün olması deyilir:
"Sizə iki əmanət qoyuram Allah azzə və cəllənin kitabı və İtrətim Əhli Beytim. Bu ikisi hovuzun başında mənə gələnə qədər əsla bir-birindən ayrılmayacaqdır."
"Sünən", Tirmizi, hədis 3788.
"Mucəm əl-Kəbir", Təbərani, cild 5, səh. 169
"Mustədrək aləs-səhiheyn", Hakim Nişapuri, cild. 3, səh. 160
Tarixə də nəzər salsaq görərik ki, bəzi peyğəmbərlər öz qövmlərindən uzaq qalmış və onlar üçün qeybdə olmuşlar. Məsələn, Musa (ə), Yusif (ə), Yunis (ə) kimi peyğəmbərlər öz qövmlərindən uzaq qaldılar. Eləcə də İmamlarımız (ə) həmişə bütün insanlar üçün əlçatan olmayıblar. İmam Musa ibni Cəfər (ə) neçə il zindanda qaldı, İmam Hadi (ə) və İmam Həsən Əskəri (ə) da hərbi şəhərcikdə ev dustağı idilər, müxtəlif yerlərdə yaşayan tərəfdarları üçün onları görmək çox çətin məsələ idi. Nəticə olaraq, əvvəl qeybdə olan imamın faydası nədirsə, indi də odur və bundan başqa da bilmədiyimiz bir çox faydaları vardır:
Yer üzünün amanda olmağı üçün səbəbdir.
Quran yer üzündə durduqca İmam (əf) da olacaqdır.
İnsanlar üçün ümid və rəhmət mənbəyidir.
Dinin qalmağı İmama (ə) bağlıdır və s.
Önəmli olan İmama (əf) qəlbən iman gətirməkdir, yoxsa o qədər şəxs var idi ki, Rəsulullahı (s.a.a) gördülər amma iman gətirmədilər. Uveys əl-Qərani (ra) isə Rəsulullahı (s.a.a) görmədən iman gətirdi və sona qədər bu imanında sabit qaldı. Əgər bu cür ola bilsək, Mövlamızın (əf) mübarək vücudundan faydalana bilərik.