Sədəqə vermək barəsində Qurani Kərimdə və hədislərdə çox təkid olunmuşdur:
"Sizlərdən birinə ölüm gəlib: “Ey Rəbbim! Mənə bir az möhlət ver ki, sədəqə verib əməlisalehlərdən olum!”– deməmişdən əvvəl sizə verdiyim ruzidən xərcləyin."
Munafiqun surəsi, 10-cu ayə
"Mallarını gecə və gündüz, gizli və aşkar xərcləyənlərin öz Rəbbi yanında mükafatı vardır. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər."
Bəqərə surəsi, 274-cü ayə.
“Ey iman gətirənlər, nə alış-verişin və nə də dostluq və şəfaətin olmayacağı gün gəlməmişdən qabaq sizə ruzi olaraq verdiklərimizdən xərcləyin.”
Bəqərə surəsi, 254-cü ayə
"Mallarını Allah yolunda xərcləyənlərin məsəli yeddi sünbül verən bir toxumun məsəlinə bənzəyir ki, sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah dilədiyi kimsə üçün (mükafatını )artırar. Allah (hər şeyi) Əhatəedəndir, Biləndir."
Bəqərə surəsi, 261-ci ayə
"Şübhəsiz ki, sədəqə verən kişi və sədəqə verən qadınlar və Allaha gözəl borc verənlər üçün (savab) qat-qat artırılacaqdır. Onlar üçün çox dəyərli bir mükafat da vardır."
Hədid surəsi, 18-ci ayə
"Onlar özlərinin istədikləri şeylərdən kasıba, yetimə və əsirə də verərlər (və deyərlər): Biz sizi yalnız Allahın xatirinə yedirdirik və sizdən nə əvəzini, nə də minnətdarlıq gözləmirik! Əslində, biz, Rəbbimizdən çox kəskin və ağır bir gündə ehtiyat edirik!”
İnsan surəsi, 8-10cu ayələr.
(Bu ayələr Əhli-beytin (ə) haqqında nazil olmuşdur və Onlar da sədəqə verməkdə bizim üçün ən gözəl nümunə olmuşlar. İmamlar (ə) özləri ehtiyaclı olduqları halda belə gecələr çiyinlərində ərzaq daşıyıb kasıblar olan yerlərə qoyub getmişlər.)
Rəsulullah (s.a.a.) buyurub: "Hər kəs sədəqəni ehtiyacı olan birinə çatdırsa, sədəqəni verən qədər savab qazanar."
"Əmali", Şeyx Səduq, səh. 432
Rəsulullah (s.a.a) buyurub: "Hər kəs miskin bir şəxsə sədəqə çatdırsa, onun əcri sədəqə verənin əcri kimidir. Hətta 40 000 insan onu əldən-ələ ötürsə və axırda miskin şəxsə çatsa, onların hamısına kamil əcr çatar."
"Səvabul-əmal", Şeyx Səduq, səh. 290
Rəsulullah (s.a.a) buyurub: " Sədəqə bəlanı dəf edər, ən təsirli dəvadır,mütləq baş verəcək qəzanı belə dəf edər, dərd və xəstəliklər dua və sədəqədən başqası ilə aradan qalxmaz."
"Biharul-Ənvar", Əllamə Məclisi, cild 71, səh. 137, hədis 71
"Gizlin sədəqə xətaları örtər, aşkar sədəqə isə malı çoxaldar."
"Ğurərul-hikəm", Əbdülvahid Amudi, səh. 395
"Sədəqə və yaxşılıq fəqirliyi aradan aparar, ömrü uzadar və sahibindən 70 növ pisliyi dəf edər."
"Mən la yəhzurul-fəqih", Şeyx Səduq, cild 2, səh. 66
Rəsulullah (s.a.a): "Sədəqə Allahın qəzəbini aradan aparar."
"Nəhcul-fəsahə", Muhəmməd Baqir Məhmudi, səh. 480
Gördüyünüz kimi, sədəqə vermək duaların və hacətlərin qəbul olunması, günahların bağışlanması, ömrün və ruzinin artması, bəlaların dəf olunması kimi bir çox bildiyimiz və bilmədiyimiz faydaları var. Ancaq sədəqəni verərkən İmam Zaman əleyhissalamın salamatçılığı niyyəti ilə versək, onun savabı və təsiri daha çox olar və İmam (ə) bizim üçün dua edər. Gördüyümüz hər bir müstəhəb işin olduğu kimi, sədəqənin də savabını İmam Zamana (əf) hədiyyə edə bilərik. Bundan da üstünü isə İmam yolunda xərcləməkdir.