Ən mehriban Ata

İslamda valideynin hüququ çox ucadır. Qurani Kərimdə də valideyn haqqında Allah ciddi tövsiyələr etmişdir:

"Mənə və valideyninə şükr et" 

Loğman surəsi, 14-cü ayə. 

İmam Rza (ə) buyurmuşdur: "Allah üç şeyi üç şeylə yanaşı əmr etmişdir: 

Namazı zəkatla bərabər əmr etmişdir, əgər kiminsə zəkatı qəbul olmasa namazı da qəbul olmaz. 

Özünə şükr etməyi ata-anaya şükr etməklə yanaşı əmr etmişdir, deməli hər kəs valideyninə şükr etməsə Allahın şükrünü yerinə yetirməyib. 

İlahi təqvanı sileyi-rəhm (qohumlara yaxşılıq) ilə yanaşı əmr edib, hər kəs sileyi-rəhm etməsə ilahi təqvaya əməl etməyibdir. 

"Biharul-ənvar", Əllamə Məclisi, cild 74, səh. 77

"Və Rəbbin Ondan başqasına ibadət etməməyinizi və ata-anaya yaxşılıq etməyinizi qəti hökm etdi. Əgər onlardan biri və ya hər ikisi sənin yanında qocalıq çağlarına yetişsələr onlara «uf» demə, üstlərinə qışqırma, kobud söz demə və onlara xoş söz de."

İsra surəsi, 23-cü ayə

İmam Sadiq (ə) bu ayə ilə əlaqədar belə buyurmuşdur:

"Əgər Allah Təala, (ana-atanı incitmək barəsində) "of" sözündən daha kiçik bir şeyin olduğunu bilmiş olsaydı, mütləq ondan da nəhy edərdi; of, ana-ataya qarşı gəlmə və onları incitmənin ən kiçik və yüngül olanıdır. İnsanın ana-atasına kəskin bir şəkildə baxması da valideyndən (onları incitməkdən)dir."

"Hər kəs öz ata və anasına qəzəblə baxsa, hətta ona zülm etmiş olsalar belə, o şəxsin namazı qəbul olunmaz" 

"Üsuli-Kafi", Kuleyni, cild 4, səh. 50

Rəsulullah (s.a.a) buyurdu: "Valideynin üzünə ağ olana deyilər: Nə edirsən et, səni bağışlamayacağam. Valideynə yaxşılıq edənə isə deyilər: Nə edirsən et, səni bağışlayacağam."

"Biharul-ənvar", Əllamə Məclisi, cild 74, səh. 80

"Üç günah var ki, onun cəzası Qiyamətə qalmaz: Valideynin üzünə ağ olmaq, camaata zülm etmək, yaxşılıq və ehsanın əvəzini verməmək."

"Biharul-Ənvar", Əllamə Məclisi, cild 74, səh. 74

Həmçinin İslama görə valideynin narahatlığına səbəb olarsa müstəhəb əməlləri etmək caiz deyil. İnsan müstəhəb namaz qılarsa və anası onu çağırarsa dərhal namazı kəsib cavab verməlidir. 

Bütün bu hədislər bizim bioloji valideynlərimiz barədədir. Həqiqətən də ata-ananın insanın üzərində haqqı böyükdür və heç vaxt ödənilməz. Ancaq valideyn haqqından daha böyük bir haqq da vardır ki, Allah onu əmr edibdir. Valideyn barədə olan ayələrin bəzilərinin xüsusi bir təfsiri də İmamlar (ə) haqqında olmasıdır.

"Biz insana ata-anasına yaxşılıq etməsini tövsiyyə etdik" 

Əhqaf surəsi, 15-ci ayə. 

Cabir ibni Abdullah Ənsari (ra) dedi: İmam Baqirdən (ə) eşitdim ki, buyurdu: "Bu ayədəki  "valideyn" Rəsulullah (s.a.a) və Əlidir (ə). 

"Biharul-Ənvar", Əllamə Məclisi, cild 71, səh. 34

"And olsun ataya və onun dünyaya gətirdiyi oğula" 

Bələd surəsi, 3-cü ayə. 

Əli (ə) bu ayə barəsində buyurdu: " Ata- mən və Rəsulullahdır (s.a.a.)," ondan dünyaya gələn"  isə 11 nəfər vəsidir (imamlardır) 

"Biharul-Ənvar", Əllamə Məclisi, cild 30, səh. 133

Rəsulullah (s.a.a) buyurdu: "Mən və Əli (ə) bu ümmətin iki atasıyıq, Allah valideyninin üzünə ağ olana lənət eləsin!" 

"Əl-Burhan fi təfsir əl Quran", Seyyid Haşim Bəhrani, cild 4, səh. 372

Rəsulullah (s.a.a) buyurdu: "Əlinin (ə) insanlar üzərində olan haqqı atanın övladı üzərində olan haqqı kimidir." (Bu hədisdən həm də onu başa düşmək olar ki, atanın haqqı nə qədər böyükdür ki, Əlinin (ə) haqqını başa salmaq üçün ondan istifadə edilir.)

"Rovzətul-vaizin", Fəttal Nişapuri, cild 1, səh. 128

İmam Rza (ə): “İmam həmişəlik dost, ürəkyandıran ata, mehriban qardaş və öz kiçik övladına yaxşılıq edən anadır.”

"Üsuli-Kafi", Kuleyni, cild 1, səh. 494

Həmçinin valideyn üçün xərcləmək əmr olunduğu kimi İmam (ə) üçün xərcləmək də əmr olunmuşdur. 

Qurani Kərimə əsasən, Qiyamət günü hər kəs, hətta ata-ana belə insanı qoyub qaçacaq. Ancaq imamdır ki, Qiyamətdə də bizi tək qoymayacaq:

"O gün ki, hər qövmü öz imamı ilə çağırarıq" 

İsra surəsi, 71-ci ayə

Fürsətdən istifadə edib Ən Mehriban Atanın mövludu münasibətilə təbrik edirik və bu məqaləni də Zəmanəmizin İmamı Həzrəti Məhdinin (ə) sözləri ilə tamamlayırıq:

“Biz sizi özbаşınа burахmаmış vә sizi unutmаmışıq. Әgәr bеlә оlmаsаydı, çәtinliklәrlә üzlәşәr vә düşmәnlәr sizi mәhv еdәrdilәr. Оnа görә dә Аllаhdаn qоrхun vә öz yахşı әmәllәrinizlә bizә yаrdımçı оlun”.

"Əl-İhticac", Təbərsi, cild 2, səh. 497